2023-2024-cü tədris ilində Yasamal rayon sakinlərindən ali təhsil müəssisələrinə qəbulda 650 və daha çox bal toplan məzunlarla görüş keçirilib.
“Qafqazinfo” xəbər verir ki, tədbirdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, yüksək nailiyyətlər göstərərək tələbə adını qazanan gənclər və onların valideynləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Yasamal RİH başçısının müavini Təravət Muradova vurğulayıb ki, müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir. Bu insanlar isə cəmiyyəti daha da inkişaf etdirir.
İcra başçısı Elşad Həsənov tələbə adını qazanan bütün orta məktəb məzunlarını bu böyük uğur münasibətilə ürəkdən təbrik edərək bildirib ki, əvvəlki illərdə olduğu kimi 2023-2024-cü tədris ili də Yasamal rayonu üçün uğurlu olub. İcra başçısı qeyd edib ki, Azərbaycanda son illərdə elmin və təhsilin inkişafı ilə bağlı həyata keçirilən kompleks tədbirlər, ölkə başçısının bu sahəni dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil etməsi, təhsil işçilərinə hərtərəfli qayğı dövlətin gələcəyini daha etibarlı və inamlı görmək əzmindən xəbər verir. Həmçinin təhsil işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, onların mükafatlandırılması, fəxri adlarla təltif edilməsi, müasir standartlara uyğun yeni məktəb binalarının inşa edilərək istifadəyə verilməsi Azərbaycanda təhsilin inkişafının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olmasının bariz nümunəsidir.
Sonda ali məktəblərə qəbul zamanı yüksək bal toplayaraq tələbə adını qazanmış gənclər, onların valideynləri və müəllimləri çıxış ediblər.